Həyat hekayələri | Slavikin siyasəti

Həyat hekayələri | Slavikin siyasəti
  23 İyul 2013    Oxunub:1471
Səfurə Çərkəzqızı

...Anam bir ayağını avtobusun pilləkəninə qoymuşdu, maşın yerindən götürüldü. Qışqırdım. Anam yerə yıxılmışdı. Ağlamağa başladım. O, yerdən qalxıb məni sakitləşdirməyə çalışdı. Üst-başı toz içindəydi. Dizləri qanamışdı.
- Ağlama! Heç nə olmayıb, sağ-salamatam! Ermənilər belədilər də..! Müsəlman bunu eləyər?!

Mən hələ də ağlayırdım. Yan-yörəmizdə adamlar vardı. Amma heç kəs bizə yaxın gəlmirdi, bəziləri kənardan baxıb başa düşmədiyim dildə nəsə deyirdilər. Əllərinin hərəkətindən, üz-gözlərindən əsəbi olduqlarını anlayırdım. Bu, məni bir az da qorxudurdu. Anamın qat-qat, şələ paltarının ətəyindən bərk-bərk yapışmışdım...

Başqa bir avtobus gəldi. Ürəyim bərk döyündü... Bu dəfə, yaxşı ki, qorxduğum şey olmadı...

Avtobusda anam kimi geyinən iki qadın vardı. Onlar ayaq üstdə dayanmışdılar. Biz onların yanına getdik. Qadınlardan biri mənə baxıb gülümsündü, başımı tumarladı. Anamla nəsə danışdılar. Birdən qadın qışqırdı.

- Aaayyy...

Onun sağ tərəfində qırmızısifət, kök bir qadın dayanmışdı. O, anam kimi geyinməmişdi.

-Ayağımı niyə ayaqlayırsan?

Qırmızısifət qadın əl-qolunu yellədə-yellədə, çığır-bağırla anlamadığım dildə ona cavab verdi. Sonra bizim dildə danışdı. Dedi ki, biz onları bezdirmişik. Biz hər yerə doluşmuşuq. O, bizi görəndə əsəbləşir...

Mən yenə qorxurdum. Anamın ətəyindən möhkəmcə yapışmışdım.

Bu qorxu bazar-dükana gedəndə də mənimləydi. Anamla satıcıların sözü həmişə çəp gəlirdi. Bəzən anam aldıqları meyvə-tərəvəzi yerinə töküb, əliboş geri qayıdırdı. Yolda mənə niyə belə elədiyini başa salırdı:
- Özlərinə-ermənilərə qırx qəpiyə olan şeyi bizə iki qat qiymətə satırlar. Bunlar nə təhər millətdirlər!!!

Həmin yay anamla Cermukdan qayıdanda yenə dayımın qonağı gəlmişdi. Onu görəndə həmişə gülməyim tuturdu. Qonağın yanaqları, qulaqları qırmızı rəngdəydi. Dişlərisə ağappaq. Slavik yaxşı ustaydı. Ev tikirdi, təmir eləyirdi. Hamı istəyirdi, evinin ustası Slavik olsun. Dayımla çoxdan dostluq eləyirdilər. Bir-birlərinin xeyir-şərindən qalmırdılar. Dayım ona çox inanırdı, evinin, süfrəsinin ən əziz yerində oturdurdu. O, uşaqların da sevgisini qazanmışdı. Biz onun başına yığışardıq, o da rəndə ilə taxta yona-yona bizə maraqlı, məzəli əhvalatlar danışardı. Hərdən bizi imtahan da eləyərdi:

- Yer niyə yumurudu, bəs, biz yeriyəndə niyə diyirlənib yıxılmırıq? Kim deyər, kim tapsa, onu özümə şagird götürəcəm...

Biz də ağlımıza gələni deyər, pıqqıldaşıb gülərdik...

Mən həmişə onun qırmızı sifətinə baxanda Cermukda gördüyüm ermənilər yadıma düşürdü. Slaviki onlarla müqayisə eləyirdim. Axırda çıxardığım nəticə belə olurdu: “Slavik yaxşı ermənidir! Ondan qorxmaq lazım deyil. Axı ,o, bizim dostumizdur..!”

Slavik hərdən oğlunu da kəndimizə gətirərdi. O da atası ilə birlikdə işləyərdi. Onlar öz aralarında nəsə danışıb gülər, bir-birlərinə qaş-göz eləyərdilər. Ata-bala bizim evi də təmir elədilər, anam onlara süfrə açdı, çörək kəsdilər...

Bir gün atama Slavikin məzəli söhbətlərindən danışırdım, qaşlarını düyünlədi:
- O, yaxşı adam deyil!
Gözüm kəlləmə çıxdı.
- Niyə?!
- İndi balacasan, böyüyəndə bilərsən...
Əl çəkmədim.
- Yox, indi de!
- Qızım, iki gün bundan qabaq ona dedim ki, sağ ol, ay usta, əllərin var olsun! Sənin sayəndə ev-eşiyimiz abıra minir, gözəlləşir! Güldü, bic-bic üzümə baxıb dedi ki, nə eləyirik özümüzə eləyirik. Əvvəl başa düşmədim, sonra onun “vaxt olacaq, bu evlərdə siz yox, biz yaşayacağıq” sözünü eşidəndə dalağım sancdı.

Mən də atamın sözündən bir şey anlamadım. Key-key üzünə baxdım:
- Bu nə deməkdi?
Atam başımı tumarladı:
- Bu? o deməkdi ki, erməniyə yaxşılıq eləməyə dəyməz! Onlar bizi istəmirlər!

Atam üzünü yana şevirib,dilinin altında Slavikin qarasına söydü:
- Köpəyoğlu!

Yenə yadıma Cermukda gördüyüm ermənilər düşdü. Canımdan soyuq gizilti keçdi...

Bu hadisələr 1984-85-ci illərdə olub. Bir neçə ildən sonra ermənilər iddialarını gizli yox, açıq-aşkar ortaya qoydular...
Mən artıq böyümüşdüm, atamın dediklərini indi daha yaxşı anlayırdım...

O vaxtdan bir də dayımın qonağıyla rastlaşmadım. Amma illər sonra əsgərlərimizdən biri danışırdı ki, Slaviki görüb. O, kəndimizi talayan ermənilərin öndə gedəniymiş. Sonra daha bir xəbər eşitdim, deyirdilər, Slavik əsir düşən soydaşlarımızın başını kəsib, ağaclara taxırmış...


Teqlər:





Xəbər lenti